Hamiləlik diabeti çox vaxt heç bir şikayət vermədən keçir, lakin müalicə və izləmə olmadıqda ana və körpə üçün ciddi fəsadlar yarada bilər. Onu vaxtında aşkar etmək üçün sadə bir test kifayətdir.
Gestasion diabet nədir?
Gestasion diabet hamiləlik dövründə ilk dəfə yaranan qan şəkəri yüksəkliyidir. O, adətən hamiləliyin 20-ci həftəsindən sonra plasentanın ifraz etdiyi antiinsulin hormonlarının artması ilə baş verir: bu hormonlar insulinin təsirini zəiflədir və qan şəkəri yüksəlir.
Hamiləlikdən əvvəl mövcud olan şəkərli diabetdən fərqli olaraq, gestasion diabet əksər hallarda doğuşdan sonra keçib gedir.
Kimlər risk altındadır?
Gestasion diabet istənilən hamilə qadında yarana bilər, lakin aşağıdakı hallarda risk daha yüksəkdir:
- 30 yaşdan sonra hamiləlik;
- hamiləliyə artıq çəki ilə başlamaq (bədən kütlə indeksi 30 kq/m²-dən yuxarı);
- hamiləliyin ilk 18–24 həftəsi ərzində artıq çəki almaq;
- ailədə şəkərli diabetin olması;
- sidikdə şəkər (qlükozuriya) aşkar olunması;
- əvvəlki doğuşda 4 kq-dan ağır körpə dünyaya gətirmək;
- hamiləlikdən əvvəl qlükoza tolerantlığının pozulması, insulin rezistentliyi və ya polikistoz yumurtalıq sindromu;
- əvvəlki hamiləlikdə gestasion diabet keçirmək;
- çoxdöllü hamiləlik.
Şəkər yükləmə testi (OQTT) necə aparılır?
Hamilə qadında qan şəkəri ilk prenatal müayinədə yoxlanılır. Aclıq qan şəkəri yüksək çıxarsa, şəkər yükləmə testi – oral qlükoza tolerantlıq testi (OQTT) aparılmalıdır. Bu test prediabet, şəkərli diabet və hamiləlik diabetinin diaqnostikasında istifadə olunan əsas üsuldur.
Risk faktoru olmasa belə, hamiləliyin 24–28-ci həftələrində bütün qadınlara bu testin aparılması tövsiyə olunur.
- test ən azı 8 saatlıq aclıqdan sonra, səhər aparılır;
- əvvəlcə aclıq qan şəkəri ölçülür, sonra suda həll edilmiş 75 q qlükoza içilir və müəyyən vaxtdan sonra qan şəkəri təkrar yoxlanılır;
- testdən bir gün əvvəl spirtli içki, kofe və siqaret qadağandır;
- test boyu qida qəbul etmək, siqaret çəkmək və fiziki işlə məşğul olmaq olmaz – əks halda nəticə etibarsız sayılır.
Ana və körpə üçün nə təhlükəlidir?
Yaxşı idarə olunmayan şəkər həm ananın sağlamlığına, həm də körpəyə təsir edir. Aşağıdakı ağırlaşmaların riski artır:
- vaxtından əvvəl doğuş və düşük;
- yüksək qan təzyiqi və preeklampsiya;
- dölyanı mayenin artması və infeksiyalar;
- iri körpə (makrosomiya) və bunun nəticəsində çətin doğuş;
- doğuş zamanı körpədə çiyin zədələnmələri, nəfəs almada çətinlik və sarılıq;
- anada qan şəkərinin aşağı düşməsi (hipoqlikemiya).
Bu riskləri bilmək vacibdir, lakin qorxuya düşməyə əsas yoxdur: həkim tövsiyələrinə əməl edən və düzgün müalicə alan qadınlar normal hamiləlik keçirə və təhlükəsiz doğuş edə bilərlər.
Diaqnoz qoyulduqdan sonra nə etməli?
Gestasion diabet aşkar edildikdən sonra qan şəkərini gündə ən azı 4 dəfə ölçmək lazımdır – acqarına və hər yeməkdən 1 və ya 2 saat sonra. Bu ölçmələr dərman müalicəsinə ehtiyac olub-olmadığını vaxtında müəyyən etməyə imkan verir.
Müalicənin əsasını düzgün qidalanma və həkimin icazə verdiyi fiziki aktivlik təşkil edir. Bunlar kifayət etmədikdə endokrinoloq hamiləlikdə təhlükəsiz olan müalicəni, əsasən insulini təyin edir.
Hamiləlikdən öncə insulin dirəncini aradan qaldırmaq gələcəkdə «hamiləlik şəkəri» riskini minimuma endirir.
Dr. Samir Şükürov
Doğuşdan sonra nə baş verir?
Gestasion diabet keçirmiş qadınların əksəriyyətində doğuşdan sonra qan şəkəri normaya qayıdır. Lakin bu, problemin tam bitdiyi demək deyil: növbəti hamiləliklərdə gestasion diabetin təkrarlanma riski yüksəkdir, bir neçə il sonra isə prediabet və şəkərli diabet inkişaf edə bilər.
Buna görə doğuşdan bir neçə həftə sonra qan şəkərini yenidən yoxlatdırmaq, sonra isə müntəzəm olaraq nəzarətdə saxlamaq lazımdır. Hamiləlik diabeti keçirmiş qadınlar şəkərli diabet baxımından risk qrupuna aiddir.
Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.