Bloq

İnsulin rezistentliyi: əlamətləri və nə etməli

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

İnsulin rezistentliyi tip 2 diabetdən illər əvvəl başlaya bilər və çox vaxt diqqətdən kənarda qalır. Onun əlamətlərini tanımaq vaxtında addım atmağa imkan verir.

İnsulin rezistentliyi nədir?

İnsulin rezistentliyi (insulin dirənci) – orqanizmin hüceyrələrinin, əsasən qaraciyər, əzələ və piy toxumasının insulin hormonuna qarşı həssaslığının azalmasıdır. Bu zaman qlükoza hüceyrələrə normal daxil ola bilmir və eyni təsiri əldə etmək üçün mədəaltı vəz daha çox insulin ifraz etməli olur.

Zamanla insulin ifraz edən hüceyrələr bu yükə tab gətirmir, qanda şəkər yüksəlir və tip 2 diabet inkişaf edə bilər. Buna görə insulin rezistentliyi tip 2 diabetin əsas səbəblərindən biri sayılır və adətən diaqnozdan illər əvvəl mövcud olur.

Vaxtında aşkarlanıb müalicə olunmazsa, insulin rezistentliyi yalnız diabetə deyil, piylənməyə, qaraciyər yağlanmasına, ürək-damar xəstəliklərinə, yüksək arterial təzyiqə və polikistik yumurtalıq sindromuna da zəmin yarada bilər.

Hansı əlamətlərə diqqət etməli?

  • qarın və bel nahiyəsində piylənmə – insulin yüksək olduqda yağ daha çox qarın bölgəsində toplanır;
  • sürətli çəki artımı, arıqlamağın çətinliyi, itirilmiş çəkinin tez geri qayıtması;
  • tez-tez acmaq, gec doymaq, şirniyyata güclü meyil;
  • yeməkdən 1–2 saat sonra güclü aclıq hissi, əsəbilik;
  • yeməkdən sonra halsızlıq, yorğunluq, yuxululuq;
  • aclıq zamanı əllərdə titrəmə, ürəkdöyünmə, başgicəllənmə;
  • yuxu pozğunluqları, gecə aclıq krizləri;
  • boyun, qoltuqaltı, qasıq və dirsək nahiyəsində dərinin tündləşməsi;
  • qadınlarda menstrual dövrün nizamsızlığı.

Boyunda qara ləkələr nəyə işarə edir?

Boyun, qoltuqaltı və ya qasıq nahiyəsində yaranan tünd, qalın, məxməri görünüşlü dəri dəyişiklikləri çox vaxt sadəcə piqmentasiya və ya kir kimi qəbul edilir. Əslində bu, akantozis nigrikans (akantoz) adlanan vəziyyət ola bilər və insulin rezistentliyinin xarici əlamətlərindən biridir.

Akantoz əsasən insulin rezistentliyi, piylənmə və şəkərli diabet zamanı rast gəlinir, diabeti olmayan insanlarda isə gələcəkdə diabet riskinə işarə edə bilər. Bununla belə, o, hər insulin rezistentliyi olan insanda yaranmır və bu dəri dəyişikliyinin başqa səbəbləri də ola bilər. Xüsusilə artıq çəki, ailədə tip 2 diabet və ya polikistik yumurtalıq sindromu varsa, bu ləkələri yalnız kosmetik problem kimi qiymətləndirməyin – müayinədən keçin.

Nə səbəb olur?

İnsulin rezistentliyi özü çox vaxt bir nəticədir – onun arxasındakı səbəbi tapmaq vacibdir. Ən çox rast gəlinən amillər bunlardır:

  • artıq çəki, xüsusilə qarın nahiyəsində toplanan yağ;
  • fiziki aktivliyin azlığı, oturaq həyat tərzi;
  • qidalanma pozğunluğu, şəkərli qida və içkilərin çox qəbulu;
  • yuxu çatışmazlığı.

Necə yoxlanılır?

Əlamətlər varsa, mütləq qan analizləri verilməlidir. Həkim aclıq və toxluq qan şəkərini, insulin və HbA1c səviyyələrini qiymətləndirir. İnsulin rezistentliyinin varlığını müəyyən etmək üçün HOMA-IR göstəricisindən istifadə olunur.

HOMA-IR ayrıca analiz deyil – o, aclıq qan şəkəri və aclıq insulini əsasında hesablanan göstəricidir. Ona görə analizləri səhər, ac qarına vermək lazımdır.

Sağlam qidalanma və aktiv həyat tərzi insulin dirəncinin ən effektiv müalicəsidir.

Dr. Samir Şükürov

Nə etməli?

Sağlam həyat tərzi dəyişiklikləri insulin rezistentliyini idarə etməyin təməl daşıdır:

  • ağ çörək və un məmulatlarını, şirin qazlı içkiləri və paketlənmiş meyvə şirələrini, şirniyyatı, qızardılmış və fast-food yeməkləri məhdudlaşdırın;
  • yüksək qlisemik indeksli qidaları – ağ düyü, kartof – azaldın;
  • çəkinizə nəzarət edin – xüsusilə qarın nahiyəsindəki yağlardan qurtulmaq insulinə həssaslığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır;
  • müntəzəm hərəkət edin – pəhriz və idmanın birgə tətbiqi ən yaxşı nəticəni verir;
  • qan şəkərinizi müntəzəm yoxlayın.

Bəzi hallarda həkim insulinin təsirini yaxşılaşdıran dərmanlar da təyin edə bilər. Dəqiq diaqnoz və fərdi müalicə planı üçün endokrinoloqla məsləhətləşin – vaxtında görülən tədbirlər diabetin qarşısını almağa kömək edir.

Mövzu ilə bağlıŞəkərli diabet

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.