Müəyyən yaşdan sonra hər kəs, xüsusən də qadınlar sümük əriməsinə qarşı tədbir görməlidir. Tibbi adı osteoporoz olan sümük əriməsi 50 yaşdan yuxarı qadınların yarıdan çoxunda rast gəlinir.
Osteoporoz nədir?
Osteoporoz skeletin hormonal-metabolik xəstəliyidir: sümük toxuması nazikləşir, sümüklər deformasiyaya uğrayır və asan sınır. Sümüyün normal inkişafı üçün kalsium, fosfor, mikroelementlər, zülallar və vitaminlər kifayət qədər olmalıdır – onların çatışmazlığı osteoporozun inkişafına səbəb ola bilər.
Mikroskop altında sağlam sümük arı pətəyinə bənzəyir. Osteoporoz zamanı bu pətəyin boşluqları xeyli böyüyür, sümük həcmini və kütləsini itirir.
Sümük kütləsi yaşla necə dəyişir?
25–30 yaşa qədər sümükləşmə tam başa çatır və sümüklər ən böyük kütləsinə çatır. 35 yaşdan sonra isə sümük kütləsi azalmağa başlayır.
Kişilər il ərzində sümük kütləsinin təxminən 1%-ni, qadınlar isə 1–4%-ni itirir. Bu, 35 yaşdan sonra sümüklərdən kalsiumun daha intensiv yuyulması ilə izah olunur. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir.
Qadınlarda klimaksın başlanması sümük əriməsini sürətləndirir: qadın cinsi hormonları olan estrogenlər sümük toxumasının sıxlığına və möhkəmliyinə təsir edir və yaşla onların miqdarı azalır. Kişilərdə isə testosteronun azalması sümük sınığı riskini artırır.
Hansı əlamətlərə diqqət etməli?
Osteoporoz uzun müddət gizli gedir: sümük əriməsi ilə əlaqədar yaranan sınıqlar həmin an özünü büruzə vermədiyi üçün insan problemdən xəbərsiz qala bilər. Çoxumuz boyun qısalmasını yaşlanmanın təbii hissəsi sayırıq, halbuki bu, sümük kütləsinin itirilməsinin ilk xəbərdarlığı ola bilər. Aşağıdakı hallarda həkimə müraciət etmək lazımdır:
- boyun tədricən qısalması;
- bel və kürək nahiyəsində xroniki ağrı;
- kürəyin əyilməsi, əyilmiş duruş;
- kiçik travmalarda belə sümük sınıqları.
Sümük əriməsinə qarşı profilaktika ilk növbədə həkim məsləhəti ilə sümük sıxlığını ölçdürməkdən başlamalıdır.
Dr. Samir Şükürov
Kimlər densitometriyadan keçməlidir?
Densitometriya sümük toxumasının mineral sıxlığını qiymətləndirən obyektiv müayinə üsuludur. Onun köməyi ilə osteopeniya və osteoporozu, sümük sınıqlarının yaranma riskini müəyyən etmək mümkündür. Bu müayinə xüsusilə aşağıdakı şəxslərə tövsiyə olunur:
- klimaks dövründə olan qadınlar və hər iki yumurtalığı götürülmüş qadınlar;
- 65 yaşdan yuxarı bütün insanlar;
- ailəsində osteoporoz və onurğa problemləri olanlar;
- boy qısalması olanlar, həmçinin boyu 1,60 m-dən, çəkisi 50 kq-dan az olanlar;
- kalsium çatışmazlığı olanlar;
- spirtli içki, siqaret və qəhvədən həddən artıq istifadə edənlər;
- testosteron səviyyəsi aşağı olan kişilər;
- 5 ildən artıq revmatoid artriti olanlar;
- hormonal dərmanları (məsələn, prednizolon, deksametazon) uzun müddət qəbul edənlər;
- şəkərli diabet xəstələri.
Profilaktika sizin əlinizdədir
Unutmayın ki, sümük əriməsinin qarşısını almaq sizin əlinizdədir. Müntəzəm həkim müayinəsi ilə yanaşı bunlar mütləqdir:
- sağlam və nizamlı qidalanmaq;
- kifayət qədər kalsium və zülal qəbul etmək;
- D vitamini səviyyəsini normada saxlamaq – o, 30 ng/ml-dən aşağı olmamalıdır;
- günəş işığından faydalanmaq;
- duzun miqdarını azaltmaq – duz kalsiumun orqanizmdən atılmasını artırır;
- kofeinli içkiləri (qəhvə, çay, qazlı içkilər) məhdudlaşdırmaq;
- siqaret və spirtli içkilərdən uzaq durmaq;
- gündəlik fiziki aktivliyi artırmaq – oturaq həyat tərzi əzələ itkisinə, bu da sümüyün dəstəyini itirməsinə səbəb olur.
Sümüklərin əsas quruluş maddəsi kalsiumdur. Ona görə də inkişaf dövründən başlayaraq kalsiumla zəngin qidaları nizamlı qəbul etməklə osteoporoz riskini azalda bilərsiniz.
Sümük toxumasında kalsiumdan əlavə maqnezium da böyük miqdarda var, ona görə də maqnezium qəbulu da vacibdir. Qida əlavələrinin isə həkimlə məsləhətləşərək qəbul edilməsi məqsədəuyğundur.
Klimaks dövründə hər bir qadın osteoporoz riskinə görə qiymətləndirilməlidir. Bu dövrdə, göstəriş olduqda, hormon əvəzedici terapiya sümük sağlamlığını dəstəkləyə bilər.
Laqeyd yanaşdıqda nə baş verir?
Buna laqeyd yanaşanlarda ilk əlamətlər əl və ayaq sümüklərində kütlə itkisi, büzdüm sümüklərində qırılmalar şəklində özünü göstərir.
Sümüklərin kövrəlməsi, sınması və deformasiyası boyun qısalmasına, belin bükülməsinə, bel ağrılarına, döş qəfəsinin formasının dəyişməsinə və həcminin azalmasına səbəb olur. Sümüyün quruluşu pozulur, sümükdaxili kiçik mikrosınıqlar yaranır və bunlar sonradan daha böyük sınıqlara gətirib çıxarır. Hətta ən yüngül yük daşıyanda belə sümük sına bilər.
Bu sınıqlar ən çox mil sümüyündə, bud sümüyünün boynunda və onurğada müşahidə olunur. Onurğa sütunundakı sınıqlar beldə daimi ağrılara, boyun qısalmasına, onurğanın deformasiyasına və daxili orqanların funksiyasının pozulmasına gətirib çıxarır.
Sevindirici odur ki, osteoporoz qarşısı alına bilən və müalicə olunan xəstəlikdir. Bunun üçün erkən diaqnoz çox vacibdir.
Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.