Bloq

Kortizol və stress: bədənə necə təsir edir?

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Kortizol bədənin stresə cavab verməsini təmin edən əsas hormonlardan biridir. Qısa müddətdə faydalıdır, lakin uzun müddət yüksək qaldıqda çəkiyə, yuxuya, təzyiqə və qan şəkərinə təsir edir.

Kortizol nədir?

Kortizol böyrəküstü vəzilərin ifraz etdiyi steroid hormondur. Onun səviyyəsi gün ərzində dəyişir: ən yüksək həddə səhər saatlarında, yuxudan oyanarkən çatır, ən aşağı səviyyəsi isə gecə olur.

Kortizolun ifrazı orqanizmdə təbii prosesdir və onun qısa müddətli təsiri ziyanlı deyil – əksinə, çox faydalıdır. Kortizol orqanizmdə:

  • qan dövranını nəzarətdə saxlayır;
  • təhlükəni qəbul edib ona cavab verməyə kömək edir;
  • qanda şəkərin səviyyəsini tənzimləyir;
  • öyrənmə və koqnitiv proseslərdə, diqqəti toplamaqda iştirak edir;
  • iltihabı azaldır və yaranın sağalmasına kömək edir.

Kortizolun ifrazı təbii prosesdir. Amma mütəmadi stres situasiyaları içərisindəsinizsə, bu, orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.

Dr. Samir Şükürov

Xroniki stres bədəndə nəyi dəyişir?

Stres zamanı qanda stres hormonları olan kortizol və adrenalinin səviyyəsinin qalxması təbii reaksiyadır – bu, insana özünü təhlükədən qorumağa kömək edir. Lakin xroniki stres zamanı stres hormonlarının səviyyəsi daim yüksək qalır. Bu da orqanizmə, ilk növbədə ürək-damar sisteminə zərər vurur, arterial təzyiq yüksəlir.

Stres altında olan insanın fiziki aktivliyi azalır, o, hərəkətsizliyi seçir. Bu zaman insulinə müqavimət artır və qarın nahiyəsində piylənmə yaranır. Nəticə etibarilə insulinə müqavimət piylənməyə, piylənmə isə diabetə yol aça bilər.

Çalışın stresin bu fəsadlara yol açmasına imkan verməyəsiniz:

  • düzgün və nizamlı qidalanın;
  • piyada gəzintilər edin, fiziki aktivliyi artırın;
  • yuxu rejiminizə diqqət yetirin;
  • stresdən mümkün qədər uzaq durun.

Stres, çəki və yuxu necə bağlıdır?

Stres kilo almağın ən önəmli səbəblərindən biridir. Stres halında kortizolun sintezi artır, bu isə tez-tez acmağa səbəb olur. Qarın nahiyəsindəki yağ hüceyrələri bu hormona xüsusilə həssasdır, ona görə də xroniki stres zamanı yağ ən çox məhz qarın bölgəsində toplanır.

Xroniki stres, gərginlik və yuxusuzluq bir-birini gücləndirir. Kortizol yüksək olduqda bədən gecə də gərgin qalır və rahat yatmaq çətinləşir. Yuxudan tez-tez oyanmaq, gec yuxuya getmək və dərin yuxuya gedə bilməmək melatonin–kortizol ritminin pozulduğunu göstərə bilər.

Yuxu pozğunluğu zamanı aclıq və toxluq hormonlarının ifrazı da pozulur: aclıq hissi güclənir, toxluq hissi zəifləyir. Bu da iştahın artmasına, qeyri-sağlam qidalanmaya və çəki artımına gətirib çıxara bilər. Kortizol həm də qanda qlükozanın səviyyəsini artırır – ona görə stres qan şəkərinin yüksəlməsinə də təsir edir.

Hansı əlamətlər diqqət tələb edir?

Kortizolun səviyyəsi uzun müddət yüksək qaldıqda aşağıdakı əlamətlər yarana bilər:

  • çəki artımı, xüsusilə qarın bölgəsində;
  • yüksək arterial təzyiq;
  • daimi yorğunluq və gərginlik hissi;
  • yuxusuzluq, diqqəti toplamaqda çətinlik;
  • əhval dəyişkənliyi, narahatlıq və ya depressiv hal;
  • menstrual tsiklin pozulması;
  • sızanaqlar və dəridə digər dəyişikliklər;
  • tez-tez sidiyə getmə və həddən artıq susuzluq;
  • əzələ zəifliyi;
  • infeksiyalara qarşı həssaslıq, tez-tez xəstələnmə.

Kortizol nə vaxt yoxlanılmalıdır?

Əgər bu əlamətləri uzun müddət hiss edirsinizsə, kortizol səviyyənizi yoxlatdırmaq vacibdir. Belə yorğunluq hallarında özbaşına vitamin qəbul etmək əvəzinə böyrəküstü vəzi hormonlarının – kortizol, AKTH, DHEA-S və digərlərinin – laborator yoxlanılması lazımdır.

Kortizolun səviyyəsi gün ərzində dəyişdiyi üçün analizin vaxtı və növü (qan, sidik və ya tüpürcək analizi, bəzən dərmanla sınaq) həkim tərəfindən müəyyən edilir. Tək bir nəticə ilə qərar vermək düzgün deyil.

Kortizolun yüksəlməsinə yalnız stres deyil, xəstəliklər də səbəb ola bilər. Kortizolun qanda yüksək olması ilə özünü göstərən xəstəlik Kuşinq sindromu və ya xəstəliyidir; hormonun çatışmazlığı ilə gedən xəstəlik isə Addison xəstəliyidir. Hər ikisi ciddi xəstəlikdir və endokrinoloq tərəfindən araşdırılıb müalicə olunmalıdır.

Mövzu ilə bağlıBöyrəküstü vəz

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.