Diabet ağır xəstəlikdir. Hər il diabetdən bir milyondan çox insan ölür və bu xəstəliyə çox sayda insan tutula bilər.
Diabet nə üçün təhlükəlidir?
Xəstəlik orqanizm qandakı şəkəri (qlükozanı) lazımi qədər emal edə bilmədikdə başlayır.
Bədənimiz yediyimiz karbohidratları şəkərə – qlükozaya parçalayır. Mədəaltı vəzdə əmələ gələn insulin hormonu isə hüceyrələrə bu şəkəri enerjiyə çevirmək göstərişi verir. İnsulin kifayət qədər hasil olunmadıqda və ya öz funksiyasını yerinə yetirmədikdə qanda şəkərin miqdarı artır.
Diabet infarkta, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər.
Hansı orqanlar zədələnir?
Diabet yalnız qan şəkərinin yüksək olması deyil – nəzarətsiz qaldıqda bir çox orqana geri dönməz ziyan vura bilər:
- böyrəklər (diabetik nefropatiya) – zamanla böyrək çatışmazlığına səbəb ola bilər;
- gözlər (diabetik retinopatiya) – görmə zəifliyi, hətta korluq riski yaradır;
- sinir sistemi (diabetik neyropatiya) – əllərdə və ayaqlarda keylik, yanma və ağrı;
- ürək və damarlar – insult və infarkt riski artır;
- ayaqlar – trofiki yaralar, infeksiyalar və amputasiya təhlükəsi.
Rəqəmlər nə deyir?
Diabet miqyası getdikcə artan problemlərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının 2016-cı il hesabatına görə dünyada 422 milyon insan diabetlə yaşayır – bu, son 40 ildə diabet xəstələrinin sayının 4 dəfə artdığını göstərir. 2016-cı ildə təxminən 1,6 milyon insanın ölümünə birbaşa diabet səbəb olub.
Beynəlxalq Diabet Federasiyasının təxminlərinə görə böyüklər arasında diabet xəstələrinin təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür.
İnkişaf etmiş ölkələrdə isə diabetə daha çox emal olunmuş, ucuz qidalara vərdiş etmiş aşağı gəlirli təbəqələr arasında rast gəlinir.
Ən böyük risk — xəbərsizlik
Bütün bu risklərə baxmayaraq, diabeti olan insanların təxminən yarısı xəstəlikdən xəbərsizdir.
Şəkərli diabet, xüsusilə 2-ci tip, çox zaman illərlə simptomsuz irəliləyir və bəzi insanlar diaqnozu yalnız gecikmiş fəsadlarla qarşılaşdıqda öyrənirlər. Diaqnoz qoyulan pasiyentlərin bəzilərində gözlə görülən ciddi şikayət olmur, yaşlı insanlar isə əlamətləri çox vaxt yaşlanmanın təbii nəticəsi sayırlar. Halbuki erkən mərhələdə sadə qan analizləri ilə xəstəliyi aşkarlamaq və fəsadların qarşısını almaq mümkündür.
Hansı əlamətlərə diqqət etməli?
Diabetin erkən mərhələlərində bəzən heç bir əlamət olmur. Lakin aşağıdakı əlamətləri özünüzdə və ya yaxınlarınızda müşahidə edirsinizsə, vaxt itirmədən qan şəkərinizi yoxlayın və endokrinoloqa müraciət edin:
- artan susuzluq və ağız quruluğu;
- tez-tez sidiyə getmə;
- yeməkdən sonra da keçməyən aclıq hissi;
- normal qidalanmaya baxmayaraq səbəbsiz çəki itkisi;
- keçməyən yorğunluq, halsızlıq və diqqət dağınıqlığı;
- görmədə bulanıqlıq;
- yaraların gec sağalması və tez-tez infeksiyaya yoluxma;
- əllərdə və ayaqlarda uyuşma, gecələr ayaq keyimələri.
Kimlər müntəzəm yoxlanmalıdır?
Diabetin yaranmasında genetika, piylənmə, qidalanmanın pozulması, ürək-damar xəstəlikləri, xroniki stress, bəzi dərmanların təsiri və böyrəküstü vəzi xəstəlikləri əsas rol oynayır. Aşağıdakı risk qruplarına aid olan şəxslərin qan şəkərini müntəzəm yoxlatması vacibdir:
- 40 yaşdan yuxarı hər kəs – ildə bir dəfə profilaktik yoxlanış;
- artıq çəkisi olanlar (bədən kütlə indeksi 25 və yuxarı);
- fiziki aktivliyi az olan, oturaq həyat tərzi keçirənlər;
- qidalanmasına fikir verməyən, lif qəbulu az olanlar;
- yaxın qohumlarında diabet olanlar;
- yüksək qan təzyiqi və ya xolesterin problemi olanlar;
- polikistik yumurtalıq sindromu olan, hamiləlik diabeti keçirmiş və ya çəkisi 4 kq və daha çox uşaq dünyaya gətirmiş qadınlar;
- ürək, beyin və ya periferik damar xəstəlikləri olanlar.
Diabetə nəzarət – həyatınıza nəzarətdir.
Dr. Samir Şükürov
Diabet riskləri ağır olan xəstəlik olsa da, düzgün müalicə, sağlam qidalanma və aktiv həyat tərzi sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etmək mümkündür. Bunun üçün qan şəkərini mütəmadi izləmək və müntəzəm endokrinoloji nəzarətdə olmaq vacibdir.
Mənbələr
Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.