Bloq

Tiroid düyünlərinin radiotezlik ablasiyası (RFA)

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Qalxanvari vəz düyünlərinin hamısı əməliyyat tələb etmir. Şikayət yaradan xoşxassəli düyünlər üçün müasir seçimlərdən biri radiotezlik ablasiyasıdır (RFA) – düyünü kəsik olmadan, iynə vasitəsilə kiçiltmək üsulu.

Niyə əməliyyatdan mümkün qədər uzaq durmağa çalışırıq?

Tiroid düyünlərinin yalnız kiçik bir hissəsi əməliyyat tələb edir. Düyün şikayətlərə səbəb olacaq qədər böyük deyilsə və müayinələrdə xərçəng şübhəsi yoxdursa, onu əməliyyat etməyə ehtiyac yoxdur.

Cərrahi müalicənin öz ağırlaşmaları və riskləri var: əməliyyat boyunda estetik qüsur yarada bilər, əməliyyat zamanı səs sinirləri və paratireoid vəzlər zədələnə bilər. Ona görə də müasir yanaşmada cərrahiyyə yalnız müəyyən xəstə qruplarında seçilir.

Böyük düyünlər boyun nahiyəsinin görünüşünü pozmaqla yanaşı, nəfəs darlığı, udma çətinliyi, boğazda sıxılma hissi kimi şikayətlərə də səbəb ola bilər.

Həqiqi düyün – yəni içərisi hüceyrə ilə dolu olan düyün – öz-özünə kiçilmir: ya eyni ölçüdə qalır, ya da böyüyür. Belə düyün şikayət yaradırsa, onu kiçiltmək üçün müalicə üsulu seçmək lazım gəlir.

RFA nədir?

Radiotezlik ablasiyası minimal invaziv prosedurdur. USM nəzarəti altında düyünün içinə nazik elektrod-iynə yeridilir və radiotezlik enerjisi ilə düyün toxuması daxildən qızdırılaraq məhv edilir. Vəzin sağlam toxumasına toxunulmur.

Məhv olmuş toxumanı orqanizm tədricən sorur, düyün isə sonrakı aylar ərzində yavaş-yavaş kiçilir. Ona görə də nəticə dərhal deyil, nəzarət USM-lərində görünür.

RFA kimlərə uyğundur?

Xərçəng şübhəsi olan düyünlər RFA üçün uyğun deyil – onlarda müalicə taktikası fərqlidir. Buna görə istənilən müdaxilədən əvvəl düyünün təbiəti biopsiya ilə dəqiqləşdirilməlidir. İncə iynə ilə müdaxilə heç vaxt düyünü yaymır və xərçəngə səbəb olmur.

Qərar həmişə müayinədən sonra, həkim tərəfindən verilir. Ümumi olaraq RFA bu hallarda nəzərdən keçirilir:

  • düyünün xoşxassəli olduğu biopsiya (İİAB) ilə təsdiqlənibsə;
  • düyün udma, nəfəs alma çətinliyi, sıxılma hissi və ya görünən estetik problem yaradırsa;
  • pasiyent əməliyyat olunmaq istəmirsə və ya əməliyyat onun üçün risklidirsə;
  • bəzi hallarda – artıq hormon ifraz edən (avtonom) düyünlərdə.

Prosedur necə aparılır?

RFA ambulator şəraitdə aparılır. Prosedurdan sonra boyunda qısa müddətli yüngül ağrı və ya narahatlıq ola bilər. Nəticə düyünün ölçüsündən və quruluşundan asılıdır – bəzən təkrar seans lazım gələ bilər. Əsas mərhələlər:

  1. Hazırlıq: USM, hormon analizləri və biopsiya nəticəsi qiymətləndirilir.
  2. Boyun nahiyəsinə yerli keyitmə edilir – ümumi narkoz tələb olunmur.
  3. USM nəzarəti altında elektrod düyünə yeridilir və düyün hissə-hissə ablasiya olunur.
  4. Qısa müşahidədən sonra pasiyent adətən həmin gün evə qayıdır.
  5. Sonrakı aylarda nəzarət USM-ləri ilə düyünün kiçilməsi izlənilir.

Üstünlükləri nələrdir?

  • kəsik və tikiş olmur, boyunda çapıq qalmır;
  • ümumi narkoz lazım deyil;
  • vəzin sağlam hissəsi qorunur, buna görə hormon funksiyası adətən saxlanılır;
  • gündəlik həyata qısa müddətdə qayıtmaq mümkündür.

Unutmayın: hər düyün əməliyyata göstəriş deyil.

Dr. Samir Şükürov

Maye ilə dolu kistik düyünlər əsasən xoşxassəlidir. Ölçüsü 30 mm-i keçən və narahatlıq yaradan kistik düyünləri çox incə iynə ilə boşaltmaq (drenaj) mümkündür – bu da cərrahiyyəsiz, bir neçə dəqiqəlik ayrıca prosedurdur.

Düyününüz şikayət yaradırsa, ilk addım düzgün müayinədir: USM, hormon analizləri və lazım olduqda biopsiya. Yalnız bundan sonra sizin üçün ən uyğun yol – izləmə, RFA və ya başqa müalicə – birlikdə seçilir.

Mövzu ilə bağlıQalxanvari vəz

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.