Məlumdur ki, diabetli xəstələrin əksəriyyətində görmə orqanında ciddi fəsadlar baş verir. Şəkər xəstəliyi zamanı görmə orqanında baş verən dəyişikliklərin əsas səbəbi qan damarlarında gedən patoloji proseslər və maddələr mübadiləsinin pozulmasdır.
Orqanizmdə maddələr mübadiləsinin pozulması ilə görmədə müəyyən problemlər və fəsadlar yarandığı artıq hər kəsə məlumdur. Bu fəsadlar içərisində diabetik retinopatiya yəni tor qişanın zədələnməsi xüsusi yer tutur. Tor qişanın zədələnməsi diabetin damar mənşəli spesifik ağır fəsadlarından olub, korluqla nəticələnən əsas səbəblərdən biridir. Bu ağırlaşmanın təhlükəsi ondadır ki, tor qişanın və onun damarlarının zədələnməsi uzun müddət nəzarətsiz qalır.
Xəstəliyin erkən dövründə insanlar görmənin zəifləməsini hiss etmirlər. Bu səbəbədən şəkərli diabeti olan şəxslərin müntəzəm göz müayinəsindən keçməyi olduqca önəmlidir. Çünkü Şəkər xəstəliyi zamanı göz qapaqlarından başlayaraq torlu qişaya və görmə sinirinədək görmə orqanının ayrı-ayrı hissələrində müxtəlif dəyişikliklərə təsadüf olunur.
Göz qapaqlarında iltihaba, gözün selikli qişasında xroniki iltihaba - konyuktivitlərə, gözün şəffaf hissəsi olan buynuz qişasının bulanmasına rast gəlinir.
Həmçinin gözün ön kamera bucağında əmələ gələn qan damarları gözün maye dövranına maneçilik törədir, nəticədə gözün daxili təzyiqi artır, ikincili qlaukoma əlamətləri meydana çıxır. Bu zaman göz almasında ağrılar, görmənin zəifləməsi müşahidə olunur. Həmçinin büllurun bulanması ilə katarakta meydana gəlir.
Sadalananlarla yanaşı xəstənin torlu qişasında, xüsusən onun mərkəzi hissəsində sarı ləkələr, damar genəlmələri, qansızmaları meydana çıxır. Bu zaman xəstənin görməsi kəskin sürətdə azalır, xəstə göz qarşısında qara ləkələrin olmasından şikayətlənir. Əgər xəstə vaxtında həkimə müraciət edərsə, onda bu dəyişikliklərin qarşısını almaq olur.
Əgər Siz də şəkərli diabetdən əziyyət çəkirsinizsə, ən azı ildə iki dəfə göz müayinəsindən keçməklə həyat işığından məhrum olmaqdan qoruna bilərsiniz.