İnyeksiya nahiyəsinin İnsulinin effektivliyinə təsiri varmı?
İlk öncə diqqət yetirməli olduğunuz məqam insulin inyeksiyasından öncə əllərinizin təmiz olmasıdır. Həmçinin hazırlanmış flakonun rezin tıxacını spirtli pambıqla silmək önəmlidir. İnsulini şprisə yığarkən şprisdə hava qaldığını görsəniz, onu çıxarmalısınız.
Növbə insulini inyeksiya etməyə gəldikdə bilməlisiniz ki, insulin mütləqdir ki, piy qatına vurulsun. Onu əzələyə vurmaq yalnışdır. Dərinizi barmaqla büküşə doğru götürməklə insulinin əzələ qatına getməsinin qarşısını ala bilərsiniz. İynəni 90 yaxud 45 dərəcəli bucaq altında vurmalısınız. İnsulin yeridiləndən 7-10 saniyə sonra iynəni çıxarın və büküşü barmaqlar arasından azad edin. İnyeksiya nahiyəsini masaj etmədən basın.
Digər önəmli məqam insulinin inyeksiya edildiyi nahiyədir. Hansı ki, insulinin effektiv təsiri məhz inyeksiya edilən yerdən çox asılıdır. Çünkü insulin bədənin ayrı-ayrı nahiyələrindən müxtəlif sürətlə sorulur. İnsulinin ən tez sorulduğu nahiyə qarının ön səthidir. Budun ön kənar səthi orta sürətdə insulin sorulmasını təmin edir(bazunun kənar səthi də həmçinin). Ən gec insulin sorulan yer sağrının kənar səthidir.
Əgər sizə yardımçı olacaq şəxs yoxdur və özünüz insulini inyeksiya edəcəksinizsə, tövsiyə olunardı ki, bazu və ya sağrının kənar səthinə inyeksiya etməyəsiniz. Səbəb bu nahiyələrdə əzələ qatına düşmə ehtimalınızın çoxluğudur.
Həmçinin eyni təsir müddətli insulinin hər dəfə eyni nahiyəyə vurulması doğru deyil. Əks hal qanda şəkərin səviyyəsinin enib-qalxmasına səbəb ola bilər.
Hər zaman iynə əvvəlki inyeksiya yerindən ən azı 2 sm kənara batırılmalıdır.