Müəyyən bir yaş dövrünü keçdikdən sonra hər kəs əsasən də qadınlar sümük əriməsinə qarşı tədbir almalıdırlar. Tibbi adı Osteoporoz olan sümük əriməsi 50 yaş üstü qadınların yarıdan çoxunda görülməkdədir. 25-30 yaşa qədər sümüklərdə sümükləşmə tam başa çatır və sümüklər özünün ən ağır çəkisini əldə edir. Lakin 35 yaşdan sonra sümük kütləsi azalmağa, sümüklər öz çəkisini itirməyə başlayır. Kişilər il ərzində öz çəkisinin 1%-ni, qadınlar isə 1-4%-ni itirir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir.
Sümük əriməsinə qarşı profilaktik tədbirlər ilk öncə həkim məsləhəti ilə sümük sıxlığını ölçdürməkdən başlamalıdır.
Samir Şükürov
Unutmayın ki, sümük əriməsinin qarşısını almaq sizin əlinizdədir. Burada mütəmadi həkim müayinəsindən keçmək fonunda sağlam və nizamlı qidalanmaq, lazımi qədər kalsium və zülal qəbul etmək, siqaret və spirtli içkilərdən uzaq durmaq, gündəlik həyatda fiziki aktivliyi artırmaq mütləqdir. Eyni zamanda sirr deyilki, sümüklərin əsas quruluş maddəsini kalsium meydana gətirər. Bu səbəbdən dolayı inkişaf çağından etibarən, nizamlı olaraq alınan kalsium baxımından zəngin qidalar sayəsində də osteoporoz riskini azalda bilərsiniz.
Buna laqeyd yanaşanlarda əl və ayaq sümüklərində kütlə itkiləri, büzdüm sümüklərindəki qırılmalarla başlanğıc əlamət kimi özünü göstərməkdədir. Sümüklərin kövrəlməsi, sınması, deformasiyası boyun qısalmasına, belin bükülməsinə, bel ağrılarına, köks qəfəsi şəklinin dəyişməsinə və həcminin azalmasına səbəb olur. Sümüyün strukturu pozulur və sümükdaxili kiçik mikrosınıqlar baş verir, bu da sonradan daha böyük sınıqlar yaradır. Hətta ən yüngül yük daşıyanda belə, sümüklərdə sınıqlar baş verə bilər. Bu sınıqlar ən çox mil sümüyündə, bud sümüyünün boynunda, onurğada müşahidə olunur. Onurğa sütununda olan sınıqlar beldə daimi ağrıların yaranmasına, boyun qısalmasına, onurğanın deformasiyasına və daxili orqanların funksional pozğunluqlarına gətirib çıxarır.